Oleq Matıtsin: Azərbaycan MDB ölkələri ərazisində idmanın inkişafına mühüm töhfə verir
Azərbaycan hər zaman Rusiyanın etibarlı tərəfdaşı olub və olmaqda davam edir və MDB ölkələrində idmanın inkişafına mühüm töhfə verir. Rusiya Federasiyasının (RF) idman naziri Oleq Matıtsinin bu sözlərini nazirliyin mətbuat xidməti yayıb.

Sentyabrın 7-də O.Matıtsin Özbəkistana etdiyi işgüzar səfər çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Özbəkistanın gənclər siyasəti və idman naziri Adxam İkramovla görüşlər keçirib.

"Azərbaycan MDB ərazisində idmanın inkişafına mühüm töhfə verir. 2025-ci ildə bu ölkə MDB ölkələrinin III Oyunlarına ev sahibliyi edəcək. Səmimi qəlbdən şadam ki, keçirilmə təşəbbüsü Rusiya tərəfindən irəli sürülən bu yarışlar MDB ölkələri məkanında uğurla inkişaf etməkdədir”, - deyə O.Matıtsin bildirib.

“Azərbaycan hər zaman bizim etibarlı tərəfdaşımız olub və olmaqda davam edir. Bizim ən önəmli məsələlərlə bağlı mövqelərimiz birdir. Biz öz tərəfimizdən, Azərbaycan Respublikası ilə fiziki bədən tərbiyəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsinin və idman əlaqələrinin möhkəmləndirilməsinin tərəfdarıyıq. Bundan əvvəl Rusiya və Azərbaycan iki il ərzində fiziki bədən tərbiyəsi və idman üzrə əməkdaşlığın inkişaf etdirilməsinə dair Tədbirlər planının işlənib hazırlanması və qəbul edilməsi ilə bağlı razılığa gəliblər”, - deyə RF idman naziri əlavə edib.

O.Matıtsin Özbəkistanın idman naziri ilə görüş çərçivəsində fiziki bədən tərbiyəsi və idman sahəsində geniş qarşılıqlı əlaqələrin olduğunu qeyd edib.

“Biz Rusiya Federasiyasının ərazisində keçirilən idman tədbirlərində Özbəkistandan olan idmançıların iştirakına böyük diqqət ayırırıq. Ötən həftə Yekaterinburqda 36 ölkədən 270 universitetin iştirak etdiyi Beynəlxalq Universitet İdmanı Festivalı başa çatıb. Rusiyada keçirilən idman yarışlarında idmançılarınızın ənənəvi olaraq yüksək səviyyədə iştirakına görə sizə öz minnətdarlığımı bildirirəm”, - deyə O.Matıtsin bildirib.

Xəbər 76 dəfə oxundu.