Beynəlxalq Festival: Taekvandoçularımız növbəti mərhələyə adlayıblar
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

Taekvondoda ölkəmizi təmsil edən Vaqif Hacıyev (68 kiloqram) vyetnamlı Le Xuana 2:0, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz İsgəndərov isə rusiyalı Kim Kirillə 2:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

68 kiloqramda yarışan Vaqif Hacıyev Vyetnamın digər təmsilçisi Dao Duku 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bununla da o, ən azı bürünc medalı təmin edib. Eyni uğura 80 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov da imza atıb. O, 1/4 finalda nigeriyalı Ezeanvu Villiamı üstələyib - 2:0.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Xəbər 241 dəfə oxundu.