Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kubokunun I mərhələsi keçirilib.

Federasiyadan verilən məlumata görə, ümumilikdə 78 oğlan velosipedçinin iştirak etdiyi turnir Səbail rayonunda yerləşən Veloparkda baş tutub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə 2005-2007-ci il təvəllüdlü idmançılar 30 kilometr (11 nəfər, 20 dairə, 10 ara finiş), 2008-2009-cu il təvəllüdlü velosipedçilər 24 kilometr (28 nəfər, 16 dairə, 8 ara finiş), 2010-2012-ci il təvəllüdlü idmançılar isə 10 kilometr (12 nəfər, 10 dairə, 5 ara finiş) məsafəyə kriterium növündə mübarizə aparıblar.

Turnirin ikinci günündə isə kriterium növündə yarışmayan 2009-cu il və daha kiçik təvəllüdlü idmançılar dağ velosipedləri ilə 10 kilometr (27 nəfər, 10 dairə) məsafəyə qrup ötüşməsində güclərini sınayıblar.

Nəticələrə əsasən, kriterium növündə 2005-2007-ci il təvəllüdlü idmançılar arasında Tural İsrafilov (ROEQİUGVM, 55 xal), 2008-2009-cu il təvəllüdlü velosipedçilərin yarışında Nihad Xudoyev (ROEQİUGVM, 43 xal), 2010-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Nihat Xudiyev (ROEQİUGVM, 30 xal), dağ velosipedləri ilə qrup ötüşməsində isə 2009-cu il təvəllüdlü və daha kiçik idmançılar arasında Toğrul Məmmədli (ROEQİUGVM, 24:24:19) birinci yerə layiq görülüblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 153 dəfə oxundu.