Bakıda dünya çempionu olan atıcımız: Qızıl medalı nənəmə həsr edirəm
Qızıl medal qazanacağımı gözləmirdim. Bütün diqqətimi yarışa və işimə yönəltmişdim. Nəticə barədə heç nə düşünmürdüm.

Bu sözləri Bakıda keçirilən 53-cü dünya çempionatında qızıl medal qazanan Azərbaycan atıcısı Nigar Nəsirova yarışın mətbuat xidmətinə açıqlamasında deyib.

25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə fəxri kürsüyə qalxan atlet bildirib ki, yarışın Bakıda keçirilməsi idmançılar üçün çətinlik yaradır:

“Çünki hamı istəyir ki, qələbə qazanaq. Elə olanda gərginlik olur. Həm özümüz birinci olmağı hədəfləyirik, həm də insanları sevindirmək istəyirik. Ötən il nənəm vəfat etmişdi. Demişdim ki, bu yarışda qalib gəlsəm, medalı ona həsr edəcəyəm”.

Nəsirovanın sözlərinə görə, ötən ilki dünya çempionatında 10 metr məsafəyə atəş açmada Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışsa da, bu alınmayıb: “Gələn il Macarıstanda keçiriləcək Avropa çempionatında məhz Paris olimpiadasına lisenziya əldə etmək uğrunda mübarizə aparacağam. Ümid edirəm ki, buna nail olaram. Həmişə 1-2 xalım çatmır. Ötən il Xorvatiyadakı yarışda təsnifatda 3-cü olub finala vəsiqə qazanmışdım. Düşünürdüm ki, medal cibimdədir. Həyəcanlandım, atışlarımı düzgün edə bilmədim. Həm medal getdi, həm də lisenziya əlimdən çıxdı. İnanıram ki, bu dəfə yaxşı olacaq”.

Bu idman növünə 2004-cü ildə İradə Aşumovanın Afinakı Yay Olimpiya Oyunlarında bürünc medal qazanmasından sonra gəldiyini söyləyən 34 yaşlı atıcı 3 il sonra zədə ilə üzləşdiyini vurğulayıb: “Uzun müddət idmandan uzaq qaldım. 2016-cı ildə yenidən məşqlərə başladım. Bir il sonra Sloveniyada keçirilən Avropa çempionatında qarışıq komanda yarışında bürünc medal götürdüm. Həmin il İslam Həmrəylik Oyunlarında fərdi yarışda da eyni uğura imza atdım. Bundan sonra beynəlxalq yarışlarda iştirak etməyə davam etdim. Həm Ruslan Lunyovla, həm də fərdi olaraq medallar qazanırdım. Ötən il Misirdə keçirilən dünya çempionatında 50 metr məsafəyə atəş açmada bürünc medala sahib çıxdım”.

Xəbər 123 dəfə oxundu.