Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə növbəti mərhələyə adlayıblar
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan üzgüçüləri növbəti mərhələyə adlayıblar.

100 metr məsafəyə sərbəst üzmə üsulunda ölkəmizi təmsil edən Fatimə Alkərəmova təsnifatda 11-ci yer tutaraq yarımfinala yüksəlib.

Digər idmançımız Ramil Vəlizadə isə 100 metr məsafəyə “butterfly” üsulu ilə üzərək 40 idmançı arasında altıncı yeri tutub. Bununla da o, növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Xəbər 138 dəfə oxundu.