Komandamız Almaniyada bürünc medalla mükafatlandırılıb
Almaniyanın Mannheim şəhərində Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının (ETWF) və Almaniya Kəndirlə Mübarizə Assosiasiyasının (Tug of War Germany) təşkilatçılığı ilə məktəblilər arasında beynəlxalq turnir keçirilib.

Turnirdə Almaniya, Niderland, İngiltərə, İrlandiya, İsveç, İsveçrə, Şotlandiya və Belçikadan 500-dən artıq atlet iştirak ediblər.

Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyevin sözlərinə görə, turnirdə ölkəmizi İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın komandası təmsil edib. Komandamız 560 kiloqram çəki dərəcəsində mübarizə aparıb və təşkilat komitəsi tərəfindən bürünc medalla mükafatlandırılıb.

Komandamızın 17 yaşadək atletləri öz kateqoriyalarında (512 kiloqram) ən az çəkilə mübarizə aparıblar.

Həmçinin turnirdə Azərbaycan və Almaniya atletlərindən ibarət dostluq komandası digər ölkələrin kollektivləri ilə mübarizə aparıblar.

Elnur Şıxəliyev dəstəyə görə Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının və Almaniya Kəndirlə Mübarizə Assosiasiyasının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Xəbər 121 dəfə oxundu.