“Xəzər Lənkəran” Topaz Premyer Liqasının II dövrəsinə “Rəvan”la oyunla başlayacaq
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının II dövrəsinə “Rəvan”la oyunla başlayacaq. XII turda noyabrın 4-də Lənkəranda keçiriləcək rəqiblər arasında 4-cü duel olacaq.

Əvvəlki matçlarda indiyədək qalib gələn olmayıb. Maraqlıdır ki, hər 3 matç eyni – 1:1 hesabı ilə başa çatıb. Lənkəranlılar bu dəfə ənənəni qırmağa çalışacaq.

Bütün oyunların Premyer Liqada keçirildiyi duellərdən 2-si ötən mövsüm, digəri isə cari mövsümün startına təsadüf edib. Bu oyunlarda 25 futbolçu “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Onlardan yalnız 5-i hər matçın iştirakçısı olub. Adrian Pit, Eder Bonfim, Branimir Subaşiç, Rahid Əmirquliyev “Rəvan”a qarşı əvəzolunmadan oynayıblarsa, Elnur Abdullayev meydana çıxdığı 3 qarşılaşmada heç də həmişə heyətdə olmayıb.

Bu oyunlarda “Xəzər Lənkəran”ın qollarını Branimir Subaşiç, Rahid Əmirquliyev, Katalin Doman vurublar. Elə rəqib də hər matçda 1 qapıçını məyus edib: Kamal Bayramov, Kamran Ağayev, Orxan Sadıqlı hərəsi 1 oyunda 1 qola üzülüb. Bu matmlarda hakimlər cənublulara 7 sarı vərəqə göstərib. 7 oyunçunun hərəsi 1 dəfə “fərqlənib”.

Xəbər 958 dəfə oxundu.