Cüdo üzrə U-23 Azərbaycan çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 11-12-də 23 yaşadək cüdoçular arasında Azərbaycan çempionatı təşkil olunacaq.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək çempionatda 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 57 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 259 idmançı medallar uğrunda mübarizə aparacaq.

Çempionatın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin formalaşması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Xəbər 103 dəfə oxundu.