Avropa siftəsinin təhlükə siqnalı
Milli futbol çempionatında yarışın təsnifat mərhələsi ekvator xəttinə yaxınlaşmaqdadır. Lakin çempionatın aləbəzək turnir cədvəli yalnız finiş ərəfəsində yekrəng olacaq. Elə buna görə də məhz xallara görə imkanları dəyərləndirmək xeyli çətindir. İlk baxışda, bu məsələ bir qədər qəribə görünə bilər. Çünki az, ya çox oyun keçirməsindən asılı olmayaraq, komandalara potensial imkanlara görə qiymət vermək olar. Lakin yarışın ən böyük problemi də elə budur: heç bir komanda budəfəki yarışda sabit oyun nümayiş etdirmir.
Çempionatda formalaşmış liderlər qrupu, hələ ki, sıxlığını qoruyur. Əlbəttə, məhz natamam oyun təqviminə görə, çoxları bunu müvəqqəti mənzərə saysa da, ilk pillədə qərar tutmuş «Simurq» favoritlərin böyük qrupunu 7 və daha çox xalla qabaqlamaqla, «altılıq» problemini həll etmək üçün əsas vəzifəni yerinə yetirməyə yaxındır. «Altılıq» zonasında «Turan», AzAL və «Rəvan» kimi ortababların da yer alması «Simurq»un xeyrinə sayıla bilər. Hərçənd bu 3 klub bu gün üçün Zaqatala təmsilçisinin ən prinsipial təqibləri sayılır. Onlardan AzAL-ın oyunu daha praqmatik və üstün görünür. Baş məşqçi dəyişikliyindən sonra Əfqan Talıbovun sükan arxasına keçdiyi «Turan»ın da yüksəliş yoluna qədəm qoymasına isə qiymət verməyə tələsmək olmaz. Həmçinin «Rəvan»ın məşqçi dəyişikliyindən sonra hələ islahatlardan necə çıxacağı məlum deyil. Buna görə, daha sabit oyun göstərən «Simurq»un şansları yüksək görünür. Amma hər şeydən əvvəl, bu komanda özü öz liderliyinə təəccüblənməməli və favoritlərlə oyuna məhz lider ovqatı ilə çıxmalıdır. Əks təqdirdə, elə bu xof ona böyük zərbə vura bilər.

Keçirdiyi qarşılaşmaların sayından asılı olmayaraq, «Neftçi», «Xəzər Lənkəran», «Qəbələ» və «Bakı»nın əsas «altılıq»dan kənarda olması maraq doğurur və bu vəziyyət yarışın finiş xətti üçün oyun planında kəskin rəqabət vəd edir. Əfsuslar ki, indidən oyundan çox, oyunətrafı mübarizənin kəsəri üçün preambula yazılmaqdadır. Ötən həftə «Bakı»nın «Qarabağ»la qarşılaşmasından sonrakı ab-hava bu rəqabətə köklənməyə əsas verir.
Builki autsayder məsələsi də mübahisəli olacaq. Gələn il üçün Premyer Liqanın vəziyyətinə də bu amil böyük təsir göstərəcək. Komandadaxili ab-havaya, oyununa nəzər salanda, «Kəpəz»in qarşısında daha çox problemlər görünür. Çox şey də məhz bu komandanın finiş xəttinə necə çatacağından asılı olacaq. Axı, əməli olaraq, elitanı bir komanda tərk etməlidir. Keçid pley-offu oynayacaq komandanın səviyyəsi və imkanları, iki yarış divizionunu bir-biri ilə müqayisə etdikdə, xeyli yuxarıdır.

Əlbəttə, ehtiyatda olan oyunların sayına görə, «Neftçi»nin lider olmaq imkanları çoxdur. Lakin komandanın ortabablar və autsayderlərlə duelləri vəziyyətin heç də qənaətbəxş olmadığını göstərir. Avropanın Top komandaları sırasına düşmüş bir klub ölkədaxili rəqiblərlə mübarizədə büdrəyirsə, onun vəziyyəti həqiqətən ağır sayılmalıdır. Azərbaycan çempionatının səviyyəsi 3-4 belə yarışda mübarizə aparmağa imkan verir. Deməli, komanda oyunçu bazarında artıq ilk məğlubiyyətini alıb və bu barədə vaxtında qərar verilməməsi uzağı görməmək kimi qiymətləndirilə bilər.

Üstəlik, daxili çempionatdakı rəqiblər də «Neftçi»ni məhz «İnter» və «Rubin» silahı ilə vururlar. Məsələn, elə son görüşdə matçın ilk dəqiqələrinə əsasən, «ağ-qaralar»ın məğlub olacağını heç düşünmək olmazdı. Hələ buraxılan qolları da heç nədən yaranmış təhlükə adlandırmaq olar. Oyunu təhlil etdikdə, «Neftçi»nin çatışmazlıqları özünü əyani büruzə verər. Deməzdim ki, «Rəvan» taktiki cəhətdən düzgün qurulmuş oyun nümayiş etdirdi. Sadəcə, hadisələr özü komandanın fərqlənməsinə yol açdı. Məhz ilk dəqiqələrdəki üstünlük «Neftçi» futbolçularının səhlənəkarlığına yol açdı və oyunsuzluğun da sonu məğlubiyyət oldu.
Ümumiyyətlə, əvvəlki illərdə bütün favoritlər oyun natamamlığı ilə məzmunsuz görünürdülərsə, bu mövsüm məhz heç bir oyun planının olmaması ilə bir-biri ilə yarışa çıxıblar.

Bu isə «Neftçi»nin Avropada açdığı qapının astanasından keçid dövründə təhlükə siqnalıdır.

Xəbər 1270 dəfə oxundu.