Prezident İlham Əliyev İmişli Şahmat Məktəbinin açılışında iştirak edib


Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli şəhərində Şahmat Məktəbinin açılış mərasimində iştirak edib.
Məlumat verildi ki, şahmat məktəbinin tikinti sahəsi 570 kvadratmetrdir. Məktəbin ətrafında əsaslı abadlıq işləri aparılıb.
Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbdə geniş salonla yanaşı, daha 7 otaqda yeniyetmə və gənclərə şahmatın sirləri öyrədilir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin regionlarına səfərlərinin, eləcə də respublikamızda idmanın hərtərəfli inkişafı üçün həyata keçirilən kompleks tədbirlərin əks olunduğu fotoguşələr yaradılıb. Məktəbin orijinal dizaynı burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Təhsil ocağında yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu cür sosial təyinatlı təhsil ocaqlarında məşğul olanlar həm asudə vaxtlarını maraqlı keçirir, həm də vacib bilik və bacarıqlara yiyələnirlər. Respublikamızın bütün bölgələrində fəaliyyətə başlayan və müasir tələblərə cavab verən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.
Dövlətimizin başçısı şahmat məktəbində yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.

AzərTAc


Xəbər 6508 dəfə oxundu.