Federasiya prezidenti: Millimizin III Avropa Oyunlarında beşinci olması böyük nailiyyətdir
Paytaxtımız həmişə beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunması bizim üçün nailiyyətdir.

Bunu Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

Federasiya rəhbəri seçmə mərhələdə milli komandadan uğurlu çıxış gözlədiyini bildirib: “2008-ci ildə ölkəmizdə çimərlik futbolunun inkişaf etdirilməsinə başlamışıq. Çox böyük işlər görmüşük. Millimizin Polşada təşkil olunan III Avropa Oyunlarında beşinci olması böyük nailiyyətdir. Ümumilikdə, millimiz Avropa ölkələrinin reytinq cədvəlində onuncu pillədə yer alıb. İnanırıq ki, milli komandamız seçmə mərhələdə də hamımızı sevindirəcək”.

“Əsas məqsədimiz komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasıdır. III Avropa Oyunları da komandamız üçün bir növ hazırlıq oldu. Ümid edirəm, həmin motivasiyanı saxlayaraq, istəyimizə nail ola bilərik”, - deyə F.Novruzi əlavə edib.

Qeyd edək ki, iyulun 5-7-də Bakıda dünya çempionatının seçmə mərhələsində reytinqə görə ən yaxşı 13 komanda birincilik uğrunda yarışacaq. Çempionat çərçivəsində iyulun 8-də yarımfinal və pley-off oyunları, iyulun 9-da isə bu mərhələnin qalibini təyin edəcək final matçı keçiriləcək. Azərbaycan yığmasının ilk qarşılaşması Moldova seçməsi ilə iyulun 5-də baş tutacaq.

Ətraflı

Xəbər 99 dəfə oxundu.