Boksçumuz Şəhla Allahverdiyeva Avropa Oyunları ilə vidalaşmalı olub
Azərbaycan boksçusu Şəhla Allahverdiyeva Polşada keçirilən III Avropa Oyunlarında ilk görüşünü keçirib.

Yarışda 66 kiloqram çəki dərəcəsində gücünü sınayan yığmamızın üzvü səkkizdəbir finalda Oşin Deriyuv (Belçika) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb. Belçikalı 5:0 idmançı hesabı ilə qalib gəldiyindən Ş.Allahverdiyeva yarışla vidalaşıb.

Bu gün daha iki boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Atilla Bernatla (Macarıstan), Murad Allahverdiyev (80 kq) Nikita Niystedlə (Finlandiya) üz-üzə gələcəklər.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışırlar. Azərbaycan “Krakov-2023”də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 137 dəfə oxundu.