Bu gün muaytay döyüşçülərimiz Avropa Oyunlarında finala vəsiqə uğrunda mübarizə aparacaqlar
Polşada təşkil olunan III Avropa Oyunlarında muaytay yarışları davam edir.

Bu gün yarımfinal döyüşləri keçiriləcək.

Azərbaycanın üç idmançısı rinqə çıxacaq. Dörddəbir final səddini adlamaqla medallardan birini təmin edən döyüşçülərimiz finala vəsiqə üçün mübarizə aparacaqlar.

Xəyal Əliyev (67 kq) polşalı Oskar Siqerti sınağa çəkəcək. Aysun Dərvişovanın (57 kq) rəqibi Patrisiya Axlinq (İsveç) olacaq. Emiliya Rzayeva (63,5 kq) həlledici döyüşə vəsiqə üçün Tereza Steçova (Çexiya) üzərində qələbə qazanmalıdır.

Məğlub olan idmançılarımız bürünc medal qazanacaqlar. Qaliblərin iştirak edəcəyi final döyüşləri sabah keçiriləcək.

Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 116 dəfə oxundu.