Polşada keçirilən III Avropa Oyunlarında kişilər arasında qılıncoynatmanın sablya növü üzrə şəxsi kateqoriyada qaliblər müəyyənləşib.

Sablyaçılarımızdan Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəliblər. Maqsud Hüseynli və Ayxan Xasıyev isə mübarizəni qrup mərhələsində dayandırıblar.

Murad Əkbərov ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İspaniya təmsilçisi İnaki Bravoya 9:15 hesabı ilə uduzub. Saleh Məmmədov isə pley-offda polşalı Piotr Szczepanikə 5:15 hesabı ilə məğlub olub.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 116 dəfə oxundu.