Güllə atıcımız Nigar Nəsirova III Avropa Oyunlarında mübarizəni dayandırıb
Güllə atıcımız Nigar Nəsirova Polşada keçirilən III Avropa Oyunlarında növbəti dəfə gücünü sınayıb.

Təmsilçimiz qadınların tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarının təsnifat mərhələsində iştirak edib. O, təsnifat mərhələsində 282 xal toplayıb. N.Nəsirova 35 iştirakçı arasında 30-cu yeri tutub.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 111 dəfə oxundu.