İspaniya III Avropa Oyunlarının medal sıralamasına liderlik edir
Polşada keçirilən III Avropa Oyunlarının beşinci gününə yekun vurulub.

Azərbaycan 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 15-ci pillədə qərarlaşıb.

Medal əyarına görə sıralamaya İspaniya (13 qızıl, 8 gümüş, 8 bürünc) başçılıq edir. İtaliya (11 qızıl, 12 gümüş, 15 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna üçüncü (9 qızıl, 6 gümüş, 3 bürünc), Almaniya (8 qızıl, 9 gümüş, 5 bürünc) dördüncü sıraya yüksəlib. Polşa (8-4-6) isə beşincidir.

İndiyədək ümumilikdə 38 ölkə medal qazana bilib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 95 dəfə oxundu.