III Avropa Oyunları: Boksçumuz Murad Allahverdiyev səkkizdəbir finala yüksəlib | |
Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb. Turnirdə 80 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 final mərhələsi çərçivəsində Kevin Şumannla (Almaniya) qarşılaşıb. Döyüş M.Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçumuz üçüncü hissədə tam üstünlüklə qalib gəlib. Boksçumuz səkkizdəbir final döyüşünə iyunun 26-da çıxacaq. Qeyd edək ki, axşam seansında daha 1 boksçumuz mübarizəyə qoşulacaq. Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirəcək. İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur. Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub. |
|
Xəbər 131 dəfə oxundu. |
|
|