Berlin qran-prisindən 2 mükafat
Azərbaycan bədii gimnastı Lalə Yusifova Berlində keçirilən qran-pri seriyası yarışında iki medal qazanıb. İdman.com.az saytının məlumatına görə, gimnastımız gürzlərlə (27,4 xal) ikinci, lentlə (26,7) üçüncü nəticə göstərib.

Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözünə görə, məhz gürzlərlə hərəkətin finalı ən parlaq təəssürat yaradıb. «Lalə hərəkətləri sadəcə gözəl yerinə yetirdi! O, Olimpiadanın vitse-çempionu , rusiyalı Darya Dmitriyevadan sonra, layiqincə ikinci yeri tutdu. Ona görə mən nəticələrdən razıyam. Hərçənd hesab edirəm ki, o, daha yaxşı ola bilərdi. Bununla yanaşı, bu onun qran-pridə ilk medallarıdır, Lalə təcrübə toplayıb, tamaşaçılar onu hərarətlə qarşılayır və hakimlər də onun haqqında müsbət fikirdədirlər. Növbədə Çexiya qran-prisidir. Ümid edirəm ki, Yusifova orada da pis çıxış etməyəcək», baş - məşqçi bu fikirdədir.

Bu arada ölkə yığmasının lideri Aliyə Qarayeva İtaliyanın Biella şəhərində keçirilən klub çempionatının «A1» seriyasının birinci turunda çıxış edib. Onun komandası «Ritmika Pyemont» 6-cı yeri tutub. Aliyə özü isə lentlə hərəkətlərə görə 27.45 bal alaraq, kollektivdə birinci, bu alətlə çıxış edən gimnastlar arasında isə ikinci nəticə göstərib.

«A1» seriyasının ikinci turu noyabrın 3-də Çietidə keçiriləcək.

Xəbər 1145 dəfə oxundu.