Səyyad Dadaşov: Avropa Oyunları kimi yarışda finaladək irəliləmək böyük uğurdur
Avropa Oyunları kimi yarışda finaladək irəliləmək böyük uğurdur. Qalib gəlməyi çox istəyirdim. Buna yaxın idim. Amma son 8 saniyədə hakimin səhvi ucbatından qızıl medalsız qaldım.

Bu sözləri III Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Səyyad Dadaşov deyib.

“Bəzən haqsızlıqlar olur. Döyüşdüyüm idmançı son dünya çempionatının gümüş mükafatçısı idi. Artıq gələcəyə baxmaq lazımdır. Yaxşı hazırlaşıb növbəti yarışlarda qızıl medal qazanmalıyam”, - deyə o əlavə edib.

Polşada keçirilən və iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov 2023"-də 13 növdə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 106 dəfə oxundu.