Asiman Qurbanlı: İdmançı fəxri kürsüdədirsə, deməli, güclüdür
Vətənə ən yüksək dərəcə ilə qayıtmaq istəyirdim. Amma belə bir deyim var ki, idmançı fəxri kürsüdədirsə, deməli, güclüdür.

unu Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.

“Özümə həmişə ən yüksək nəticəni yaraşdırıram. Çətin qrupda mübarizə apardım. Adlı-sanlı rəqiblərə qalib gələrək yarımfinala yüksəldim. Bu raundda üz-üzə gəldiyim xorvatiyalı Andelo Kvesiç 2019-cu il Avropa Oyunlarında döyüşdüyüm idmançı idi. Bir-birimizi dəfələrlə məğlub etmişik. İdmanda biri udur, digəri uduzur. Himnimizi səsləndirmək istəyirdim. Şükürlər olsun ki, medalçılardan biri də mən oldum. Qarşıdakı yarışlara daha böyük motivasiya ilə hazırlaşacağam.

İdmançı nə qədər bəhanə gətirirsə, mənə görə, bir o qədər zəifdir. Vaxt əleyhimə işləyirdisə, elə edə bilərdim ki, əksinə olsun. Bəhanə gətirib özümü kiminsə gözündə qaldırmağa dəyməz. Hər zaman qızıl medal üçün vuruşmaq lazımdır. Çünki qalibi heç kim mühakimə etmir. Medalın dəyəri hər zaman göz önündə olur", - deyə karateçi əlavə edib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan “Krakov 2023”-də 13 növdə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 110 dəfə oxundu.