Camal Rəhimov “Woodie” ləqəbli atla 1-ci oldu
Camal Rəhimov “Woodie” ləqəbli atla 1-ci oldu

Binə Atçılıq Mərkəzində konkurçular arasında dünya kubokunun təsnifat mərhələsi keçirilib. “CSI 2*-W” kateqoriyalı yarışda yerli çaparla yanaşı, İran, Gürcüstan, Almaniya, Qazaxıstan və Türkiyədən olan idmançılar mübarizə aparıblar. Rəqabətin hər günü 2 hissədən ibarət olub. Əvvəlcə çaparlar nisbətən cavan, sonra təcrübəli atlarla bacarıqlarını göstəriblər. İlk adı çəkilən proqramda həmyerlimiz Kənan Novruzov “Wasab - 1” ləqəbli atla qələbə qazanıb. Nisbətən təcrübəli atların yarışda Azərbaycan təmsilçisi Patrick Mc Entee qalib gəlib. O, “Zidan - D” ləqəbli atla ən yüksək nəticə göstərib.

İdman.com.az saytının məlumatına görə, yarışların final mərhələsi eyni ssenari üzrə keçirilib. Nisbətən cavan atların mübarizəsində çempionluğu “Samuray”la almaniyalı Andre Schroeder bayram edib. Turnirin əsas final mərhələsi bundan sonra başlayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən son raundda Pekin və London olimpiadalarının iştirakçısı Camal Rəhimov “Woodie” ləqəbli atla 1-ci yer tutub. Digər təmsilçimiz Seyid Musayev “Concorde 57” ilə 2-ci olub.

Qeyd edək ki, dünya kubokunun təsnifat mərhələsinin ümumi mükafat fondu 56 000 ABŞ dolları təşkil edib.

Xəbər 1391 dəfə oxundu.