İtaliyalı üzgüçülər III Avropa Oyunlarının ilk qızıl medalına sahib olublar
Polşada təşkil olunan III Avropa Oyunlarının ilk qızıl medalının sahibi müəyyənləşib.

Yarışın ikinci günündə sinxron üzgüçülükdə qaliblər bəlli olub. Qarışıq komanda yarışında İtaliya yığması çempion adını qazanıb. Corcio Minisini və Lukreziya Ruggiero 242,3599 xal toplayıb.

İspaniya təmsilçiləri Emma Qarsiya və Dennis-Boneu Qonzales 216,5867 xalla ikinci olub. Beatris Lennon Krass və Ranjuo Çarls Tomblinin yer aldığı Böyük Britaniya millisi 203,4916 xalla ilk üçlüyü tamamlayıblar.

III Avropa Oyunlarında 253 dəst medal sahibini tapacaq.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Xəbər 144 dəfə oxundu.