Qadın karateçilərimiz III Avropa Oyunlarında mübarizəni dayandırıblar
Azərbaycanın qadın karateçiləri Fidan Teymurova və Mədinə Sadıqova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıblar.

Turnirdə 50 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz Fidan Teymurova A qrupunda ilk döyüşündə İtaliya idmançısı Erminiya Perfettoya məğlub olub. Sonra Almaniya təmsilçisi Şara Vinnidin Hubrixə qalib gələn təmsilçimiz qrupda sonuncu görüşündə türk Serab Özçelikə uduzub.

Digər karateçimiz Mədinə Sadıqova (55 kq) turnirə məğlubiyyətlə başlayıb. Karateçimiz B qrupunda ilk görüşdə bolqarıstanlı İvet Qoranovaya məğlub olub. Yerli idmançı Mariya Kerneri üstələyən M.Sadıqova son sınağında Cennifer Varninqə (Lüksemburq) yenilib.

Beləliklə, qadın karateçilərimizin hər biri qrup mərhələsini 1 qələbə və 2 məğlubiyyətlə başa vurublar və təmsilçilərimiz turnirdə mübarizəni dayandırıblar.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Xəbər 165 dəfə oxundu.