“Böyük dəbilqə” turnirində ölkəmizi 17 cüdoçu təmsil edəcək
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, növbəti “Böyük dəbilqə” turniri iyunun 16-18-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Üç gün davam edəcək turnirdə 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Azərbaycanın cüdo üzrə milli komandası yarışda 9 çəki dərəsində 13 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Turnirdə ölkəmizin idman şərəfini kişilərin yarışında Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Telman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi 100 kq-dan yuxarı) qoruyacaqlar. Qadınların mübarizəsində isə Leyla Əliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva və Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) tatami üzərinə çıxacaqlar.

Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.

Xəbər 122 dəfə oxundu.