Bir oyuna 36 qırmızı vərəqə
Paraqvayda yeniyetmələr liqasının oyununda hakim meydanda və ehtiyat skamyada olan 36 futbolçuya qırmızı vərəqə göstərib. Hadisə «Teniente Farina» və «Libertad» komandalarının görüşündə baş verib. Oyunun başa çatmasına 5 dəqiqə qalmış referi Nestor Gillen hər komandadan bir oyunçunu meydandan qovub. Lakin onların hər ikisi meydanda qaldı ki, bu da komandalar arasında dava-dalaşın başlanmasına səbəb olub.

Hətta ehtiyat skamyada əyləşən futbolçular da bu davaya qoşuldular. Hakimlər tələsik tribunaaltı sahəyə yollandılar. Oyunun protokolunda 36 oyunçuya qırmızı vərəqə göstərilməsi qeyd edilmişdi.
«Teniente Farina»nın prezidenti Ernan Martines deyib ki, hakimlər sözün əsl mənasında qaçıb canlarını qurtarıblar. Onun sözlərinə görə, hakim meydanda nə baş verdiyini görmürdü. Buna görə də, kor-koranə bu qədər oyunçunun hamısını qovmağa haqqı yox idi. Martines Gilleni bu yolla davanın qarşısını ala bilməməsinə görə məsuliyyəti üzərindən atmaq istəməkdə ittiham edir.

İdman.com.az saytının məlumatına görə, cəzalı 36 futbolçunun hamısı, avtomatik olaraq, 1 oyunluq cəza alıblar. Lakin nizam-intizam komitəsi bu cəzanı ləğv edə bilər.

Xəbər 964 dəfə oxundu.