Pelleqrini xələfini hirsləndirir
2009-2010-cu illər mövsümündə Madrid «Real»ının baş məşqçisi olmuş və 2010-cu ildən bəri də «Malaqa»nın başında olan Manual Pelleqrini, keçmiş komandası ilə bağlı fikirləri ilə gündəmə gəlib.

Çilili mütəxəssis «Real»da çalışdığı zaman Ronaldonun və Pepenin yaşadığı uzun davamlı zədələrin nəticələrə təsirli olduğunu söyləyərək, «O zaman «Real»la çempionluq yaşamaq istəyərdim, amma keçən mövsüm 96 xal yığan komandada Ronaldo və Pepe iki ay yarım zədəli olsaydılar, bu qədər xal götürə bilməzdilər. Mənim zamanımda da bu iki oyunçunun zədəli olması çox təsirli oldu» - deyib. Bu sözlər də, təbii, həmin 96 xalı qazanmış Joze Maurinyonun heç də xoşuna gəlməyəcək.

«Real»ın oyunu haqqında da danışan Pelleqrini «Real» 90 dəqiqə topun arxasından qaçaraq oynayacaq bir komanda deyil. Mənim üçün yalnız nəticə əhəmiyyətli deyil, oyundan zövq almaq da çox əhəmiyyətlidi. Mən baş məşqçi ikən mediada mənə qarşı bir kampaniya aparılırdı. Amma azarkeşlərin 80 faizi mənim qurduğum oyunu bəyənirdi. Bu da göstərir ki, insanlar oyundan zövq almağı sevirlər» - deyib.

Xəbər 1141 dəfə oxundu.