Özbəkistan idmançıları Azərbaycanda çıxış edəcəklər
Biz yaxın vaxtlarda Azərbaycanda seminar və nümunəvi çıxışların keçirilməsini planlaşdırırıq. Həmçinin Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının vitse-prezidenti Abbas Hümbətovla Azərbaycanda gələcək planları və janq sənətinin (döyüş sənəti) inkişafını müzakirə etdik. Bu sahədə səmərəli əməkdaşlığa ümid edirik.

Bu fikirləri müsahibəsində Özbəkistan Janq Sənəti Federasiyasının prezidenti Pulat Usmanov deyib.

Federasiya prezidenti qeyd edib ki, janq sənəti Özbəkistanda 2000-ci illərdə yaranıb, sürətlə inkişaf edir. “Ötən ilin dekabrında biz Qazaxıstanda Asiya çempionatını keçirdik. Cari ilin aprelində Qazaxıstanda bu idman növü üzrə Dünya kuboku təşkil olunub. Bizim federasiya Cənubi Koreyada avqust ayında keçiriləcək Ümumdünya döyüş sənətləri festivalında iştirak edəcək. Biz, həmçinin beynəlxalq etnoidman festivalı çərçivəsində janq sənəti üzrə Xivə şəhərində çempionat keçirməyi planlaşdırırıq”, - deyə Özbəkistan Janq Sənəti Federasiyasının prezidenti bildirib.

Pulat Usmanov dünyada janq sənətinin təbliğatından danışaraq vurğulayıb ki, bu məqsədlə onlar Cənubi Koreya, Fransa, Rusiya, Portuqaliya, Qazaxıstanda, o cümlədən onlayn formatda da seminarlar keçiriblər.

Xəbər 114 dəfə oxundu.