“Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Dördüncü mərhələnin startından əvvəl yarışın Təşkilat Komitəsinin rəhbər şəxsləri və üzvləri, həmçinin yarışın lider idmançıları Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi turnirin dördüncü mərhələsi Gəncə Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb.

İdmançılar Gəncə-Göygöl marşrutu üzrə 102,9 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın üçüncü mərhələsində Belçikanın "Bataia Brigade" klubunun üzvü Yari Ferstraeten birinci, Rumıniya milli komandasının üzvü Mihnea-Aleksandru Harasim ikinci, Qazaxıstanın "Almaty Astana Motors" klubunun üzvü Anton Kuzmin üçüncü yerdə qərarlaşıblar.

Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticəyə Kamran Mirzəxanov imza atıb. O, 10-cu yerə layiq görülüb.

Xəbər 297 dəfə oxundu.