Bakıda atletika üzrə 26-cı beynəlxalq memorialın ilk qalibləri bəlli olub
Bakıda Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq memorial start götürüb.

Açılış mərasimində çıxış edənlər ölkədə atletikanın inkişafındakı xidmətlərindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.

Beynəlxalq memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparırlar. Medallar uğrunda ümumilikdə 120 idmançı gücünü sınayır.

Yarışın ilk günündə Mindia Endeladze (Gürcüstan), İlahə Quliyeva (hər ikisi 100 metr məsafəyə qaçış), Oğuz Akgül (Türkiyə), Lamiyə Vəliyeva (hər ikisi 400 metr məsafəyə qaçış), Əmrah Nağıyev (1500 metr məsafəyə qaçış), Mesut Bülbül, Kizem Akgöz (hər ikisi üç təkanla tullanma, Türkiyə), Nuh Polat (nüvə itələmə, Türkiyə) qızıl medala sahib olublar.

Qeyd edək ki, memorial Dünya Atletikasının qlobal təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq. Həmçinin bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək.

Xəbər 171 dəfə oxundu.