Azərbaycan üzgüçüləri Çexiyada on medal qazanıblar
Yarışa Avropanın su idman növləri inkişaf etmiş 16 ölkəsindən tanınmış idmançılar qatılmışdı. Beynəlxalq turnir Olimpiya Oyunlarina lisenziya xarakteri daşıdığından bütün ölkələr ən güclü üzgüçüləri ilə yarışda iştirak edirdi. Milli komandamız yerli idmançılardan təşkil olunub. İdmançılarımızın uğurlu çıxışı bizi çox sevindirir.

Bu sözləri Çexiyanın paytaxtı Praqada təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış edən üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib.

Baş məşqçi qeyd edib ki, uzun müddətdir Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi və Bakı Su İdman Sarayının dəstəyi ilə məşqlərimizi davam etdirirdik. Təlim-məşq toplanışlarında idmançıların daha da güclü olmaları üçün çalışırıq. Çexiyaya yeddi idmançı ilə yollandıq və 10 medal qazandıq. Bu, ölkəmizdə su idman növünün inkişafından xəbər verir. Bundan sonra da mötəbər yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa çalışacağıq.

Qeyd edək ki, Çexiyada millimizin üzvlərindən Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş medal qazanıblar.

Xəbər 161 dəfə oxundu.