Vitali Borisov “Araz-Naxçıvan” klubuna baş məşqçi təyin olunub
On yeddi qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” futzal klubunda baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb.

Mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib. Baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcəklər.

P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər üç məşqçi ilə anlaşma 1 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə iki il əvvəl “Neftçi”də fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.

Xəbər 118 dəfə oxundu.