XTNS-dəki “Azərbaycan” pavilyonunda xarici diplomatların iştirakı ilə şahmat turniri keçirilib
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda xarici ölkə diplomatlarının Moskva ali məktəblərinin tələbələri, məktəblilər ilə şahmat turniri keçirilib. Turnir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Rusiya Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunan turnirdə rusiyalı qrosmeyster Vasili Papin də iştirak edib.

O vurğulayıb ki, Azərbaycanda şahmat ənənələri həmişə güclü olub, Azərbaycan komandaları beynəlxalq yarışlarda həmişə birinci yerlər uğrunda mübarizə aparır.

“Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş turnirin keçirilməsi çox gözəl təşəbbüsdür. Təşkilatçılar çoxlu zəkalı, istedadlı uşaqlar toplamağa nail olublar. Ümidvaram bu turnir sonuncu olmayacaq və ehtimal ki, ənənəvi turnirə çevriləcək”, - deyə V.Papin bildirib.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova şahmatın Azərbaycanda populyar idman növlərindən biri olduğunu xatırladaraq deyib: “Azərbaycanda güclü şahmat məktəbi mövcuddur. Bütün regionlarda uşaq şahmat məktəbləri fəaliyyət göstərir ki, bu da ölkədə şahmata olan xüsusi diqqətin təzahürüdür. Biz Rusiya-Azərbaycan dost intellektual platformasını yaratmaq qərarına gəldik. Burada müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan səfirliyindən diplomatlar tələbə və məktəblilərlə yarışa biləcəklər”.

Sonra mədəniyyət üzrə attaşe Zaur Paşayev Azərbaycanın Rusiyadakı səfirliyi adından turnir iştirakçılarını salamlayıb.

Turnirin qalibinə “Azərbaycan” pavilyonu adından xatirə hədiyyəsi təqdim olunub.

Bayram iştirakçıları üçün müsabiqə və viktorinalar təşkil edilmişdi. Qaliblər “MBA-MOSKVA” Bankının və “Hədiyyə tiri” mükafatlı attraksionlar şəbəkəsinin xatirə hədiyyələrinə layiq görülüblər.

Pavilyonun qonaqları Heydər Əliyev Fondunun və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi sayəsində Dövlət Şərq Muzeyi ilə birgə açılan “1940-1950-ci illərdə Azərbaycanın dəzgah heykəltaraşlığı” adlı sərgini, həmçinin Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən birgə təşkil olunmuş “Heydər Əliyev-100. Lider. Dövr. İncəsənət” sərgisini ziyarət etmək fürsəti əldə ediblər.

Xəbər 138 dəfə oxundu.