Budapeştdə Müstəqillik Gününə həsr edilmiş beynəlxalq şahmat turniri təşkil olunub
Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Gənclər Fondu və Macarıstan Şahmat Federasiyasının dəstəyi, Macarıstandakı Azərbaycan Evi, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYID), Azərbaycanlı Tələbələr və Məzunlarn Platformasının (ASAP) və "First Saturday Chess Tournaments"in birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə Budapeştdə gənclər arasında beynəlxalq turnir təşkil olunub.

Turnirdə Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan 24 şahmatçı iştirak edib.

Tədbirdə çıxış edən Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayaraq, Müstəqillik Gününün tarixindən və əhəmiyyətdən, həmçinin belə tədbirlərin Azərbaycanın beynəlxalq mühitdə tanıdılması və təbliğində olan rolundan söz açıb.

Sonra turnirin təşkilatçılarından olan Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYID) prezidenti Ramil Şükürov Müstəqillik Gününə həsr edilmiş turnirdən danışıb, bu kimi yarışların azərbaycanlı və əcnəbi gənclər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, habelə şahmat sahəsində gələcək faydalı əməkdaşlığa töhfə verəcəyini deyib.

Daha sonra "First Saturday Chess Tournaments"in sahibi və beynəlxalq şahmat turnirlərinin təşkilatçısı Laszlo Nagi Müstəqillik Günü münasibətilə öz təbriklərini çatdırıb. Macarıstan və Türk Dövlətlərini təmsil edən gənclər arasında keçirilən belə yarışlar sayəsində qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Çıxışlardan sonra 7 turdan ibarət turnirə start verilib. Dörd saatdan çox davam edən turnir mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Turnirdə Kocsmar Akos, Abil Yaqublu və Tot Lili ilk üçlükdə yer alıblar.

Təşkilatçılar turnirin qaliblərinə mükafatlar və hədiyyələr təqdim ediblər.

Xəbər 119 dəfə oxundu.