Taekvondoçu Minayə Əkbərova: Dünya çempionatında sonadək mübarizə aparacağıq
On beş ildir taekvondo ilə məşğul oluram. İyunun 2-də dünya çempionatında dayanq üzərinə çıxacağam. Beş aydır məşq edirik və yarışa ciddi hazırlaşmışıq. Ümid edirəm ki, əziyyətimizin bəhrəsini görəcəyik.

Bu sözləri Bakıda keçirilən dünya çempionatında ölkəmizi təmsil edəcək taekvondoçu Minayə Əkbərova müsahibəsində deyib.

Taekvondoçu bildirib ki, dünya çempionatı bizim üçün çox önəmlidir. Doğma arenada yarışlardan qələbə ilə ayrılaraq, özümüzü, eyni zamanda, xalqımızı sevindirmək istəyirik. Ölkəmizdə qadınlar arasında taekvondo yetərincə populyardır. Dünya çempionatında sonadək mübarizə aparacağıq.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xəbər 113 dəfə oxundu.