Azərbaycan Badminton Federasiyasının prezidenti Malayziyada təhsil alan badmintonçularla görüşüb
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov cari ilin martından Petronans Malayziya Badminton Akademiyasında 2023-2024-cü illər ərzində fasiləsiz olaraq təlim-məşq düşərgəsində iştirak edərək peşəkarlıq səviyyəsini artıran və orta təhsillərini həmin akademiyada davam etdirən yeniyetmələrdən ibarət milli komandamızın üzvləri Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova ilə görüşüb.

Badmintonçularımızın akademiyada şəraiti, hazırlıq səviyyəsi ilə maraqlanan Taleh Ziyadov onların qazanacaqları təcrübənin ölkəmizdə badmintonun inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Taleh Ziyadov, eyni zamanda, Malayziya Badminton Federasiyasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə də görüşüb. Tərəflər qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, baş katib Ramil Hacıyev və milli komandanın baş məşqçisi Morteza Validarvi Dünya Badminton Federasiyasının Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən illik toplantısında iştirak edib. Toplantı çərçivəsində Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovla Dünya Badminton Federasiyasının prezidenti Poul-Erik Hoyer Larsen arasında Afrikada badmintonun inkişafına dəstək memorandumu imzalanıb.

Xəbər 179 dəfə oxundu.