Şirvanda Müstəqillik Günü münasibətilə seleksiya xarakterli yarış keçirilib
Azərbaycan Voleybol Federasiyası (AVF) Şirvanda 28 May - Müstəqillik Günü münasibətilə seleksiya xarakterli yarış keçirib.

Mayın 24-də start götürən turnirdə 15 yaşadək qızlar və oğlanlar iştirak ediblər.

Ümumilikdə 8 qız və 16 oğlan komandasının mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələyə Hacıqabul, final matçlarına isə Şirvan ev sahibliyi edib.

Bu gün final qarşılaşmalarından əvvəl AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, Şirvan İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər qonaqlar Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Daha sonra Şirvan Olimpiya Kompleksində yarışın rəsmi açılış mərasimi baş tutub. Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, AVF-nin vitse-prezidenti Bəhruz Quliyev çıxış edərək fikirlərini bölüşüb və final iştirakçılarına uğurlar arzulayıblar.

Daha sonra həlledici qarşılaşmalara start verilib.

Qızların finalında Hacıqabulun Meynəman kənd orta məktəbinin komandası və Hacıqabul şəhər 2 nömrəli orta məktəbin kollektivi üz-üzə gəliblər. Maraqlı keçən bu matçda Hacıqabul şəhər 2 nömrəli orta məktəbin qızları 2:1 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıblar. Meynəman kənd orta məktəbinin komandası isə gümüş medalla kifayətlənməli olub. Üçüncü yeri isə Hacıqabul şəhər 1 nömrəli orta məktəbin qızları tutub.

Oğlanların final matçı Hacıqabul şəhər 3 nömrəli orta məktəbin komandası və Hacıqabul şəhər 2 nömrəli orta məktəbin komandası arasında olub. Bu görüşdə 2:1 hesabı ilə qələbə qazanan Hacıqabul şəhər 2 nömrəli orta məktəbin komandası yarışın çempionu olub. Hacıqabul şəhər 3 saylı orta məktəbin komandası isə gümüş medala sahib çıxıb. Turnirin bürünc mükafatını isə Hacıqabul şəhər 9 nömrəli orta məktəbin komandası qazanıb.

Qaliblərə kubok və medallar təqdim olunub. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov AVF-nin vitse-prezidenti Bəhruz Quliyevə xatirə hədiyyəsi təqdim edib və federasiyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.

Xəbər 132 dəfə oxundu.