Sənan Əliyev: Əsas məqsədimiz ölkədə uşaq basketbolunu inkişaf etdirməkdir
Ölkəmizdə idmanın basketbol növünün inkişafı istiqamətində bir çox işlər görülür. Belə ki, ölkə çempionatının təşkili, komandaların qurulması inkişafın göstəricisidir. Yerli çempionatın olması inkişafda böyük rol oynayır. Çünki ölkəmizdə sonuncu dəfə çempionat 2019-cü ildə keçirilib.

Bu sözləri məxsusi müsahibəsində Azərbaycan Basketbol Federasiyasının mətbuatla əlaqələr şöbəsinin müdiri Sənan Əliyev bildirib.

Sənan Əliyev qeyd edib ki, ölkə çempionatda bir neçə əcnəbi basketbolçu iştirak edir. Tarixdə heç vaxt Azərbaycanda bir komanda da 4-5 amerikalı idmançı çıxış etməyib. Bu gün basketbol uşaqlar arasında da çox populyardır. Aşağı yaş qrupları üzrə mütəmadi olaraq yarışlar təşkil olunur. Həmçinin məşqçilər regionlara gedərək seleksiya xarakterli seminarlar keçirirlər. Seminarların nəticəsi olaraq regionlarda idmanın bu növünə potensialı olan gəncləri tanıyır və Bakıya dəvət edirik. Əsas məqsədimiz uşaq basketbolunu inkişaf etdirmək və istedadlı uşaqları milli komandalara cəlb etməkdir.

“Qadınlardan ibarət yığma komandamızın da inkişafı istiqamətində bir çox işlər görülür. Qadınlardan ibarət U-16 komandamızı qarşıda Andorrada yarış gözləyir. İyulda Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşadək oğlanlar arasında Avropa çempionatının C divizionun oyunları baş tutacaq. Püşkatmaya əsasən, U-20 yığma komandamız C qrupunda Kosova, İsveç, Ukrayna və Gürcüstan seçmələrinə rəqib olub. Həmin ayda Kosovoda 16 yaşlı oğlanlar arasında Avropa çempionatının C divizionunda B qrupunda mübarizə aparacaq yığmamız Albaniya, Kipr, Ermənistan və San-Marino ilə üz-üzə gələcək. İyulun 29-dan avqustun 6-dək Bakıda 18 yaşadək oğlanlar arasında Avropa çempionatı keçiriləcək. Bu yarışa komandamız baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında ciddi hazırlaşır. Komandamız mütəmadi olaraq Gürcüstanda təlim-məşq toplanışında iştirak edir”, - deyə mətbuat katibi əlavə edib.

Xəbər 114 dəfə oxundu.