Stolüstü tennisçimiz Onur Quluzadə Çində təlim-məşq toplanışında iştirak edir
Azərbaycan Stolüstü Tennis Federasiyası ölkədə idmanın bu növünün inkişafı istiqamətində səmərəli fəaliyyətini davam etdirir. Bunun üçün bütün lazımi tədbirlər görülür. Demək olar ki, əksər Olimpiya kompleksləri, Gənclər evləri və idman məktəblərində stolüstü tennis avadanlığı quraşdırılıb.

Bu sözləri məxsusi müsahibəsində Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova deyib.

Baş katib qeyd edib ki, ölkə üzrə kiçik yaşlı uşaqlarla məşqlərin daha intensiv keçirilməsi məqsədilə məşqçilərə əlavə maddi və texniki dəstək verilir. Yeni perspektivli idmançıları üzə çıxarmaq üçün müxtəlif yarışlar təşkil olunur. Bu yaxınlarda Masallıda da yeni zal istifadəyə verilib. Altı tennis stolunun quraşdırıldığı zal hər bir avadanlıqla təmin edilib.

“İdmançılarımız bir sıra beynəlxalq yarışlarda uğurlu nəticələr göstərirlər. Qarşıda da bizi mühüm yarışlar gözləyir. Əsas hədəfimiz təbii ki qitə birincilikləridir. Tennisçilərimiz iyunda Xorvatiyada 13 yaşadək idmançıların, iyulda isə Polşada yeniyetmə və gənclərin Avropa çempionatına qatılacaqlar. Bundan əlavə ölkədaxili yarışlar keçiriləcək. İlin sonunadək müxtəlif beynəlxalq turnirlərdə də iştirak edəcəyik. Hazırda milli komandamızın üzvləri Onur Quluzadə Çində təlim-məşq toplanışındadır. Həmçinin idmançılarımız iyulda Çexiyada yeniyetmə və gənclər arasında keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar. Ümid edirik ki, komandamız qarşıdakı məsul yarışlarda etimadı layiqincə doğruldacaq”- deyə baş katib əlavə edib.

Xəbər 165 dəfə oxundu.