“Qarabağ”ın 36 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə ilk ev məğlubiyyətini alıb.

XXXV turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri öz meydanındakı 17-ci matçda xalsız qalıb. Əvvəlki 16 görüşdə Ağdam təmsilçisi 12 qələbə qazanıb və 4 heç-heçə edib.

2021-2022-ci il mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb. Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.

Öz meydanında 828 gündən sonra məğlub olan Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakı klubu ardıcıl 57 ev matçında uduzmayıb.

Xəbər 97 dəfə oxundu.