Adi Asya Katz: Milli Gimnastika Arenasında çıxış etməkdən zövq alıram
Paytaxtınızda keçirilən turnirlərdə dördüncü dəfədir iştirak edirəm. Burada yerləşən Milli Gimnastika Arenasında çıxış etməkdən zövq alıram.

Bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçısı israilli Adi Asya Katz deyib.

Turnir öncəsi hazırlıq keçmək üçün Milli Gimnastika Arenasında hər cür şəraitin olduğunu söyləyən İsrail təmsilçisi bildirib ki, Avropa çempionatı üçün zalın tərtibatı möhtəşəmdir. Arena yarış üçün qeyri-adi hazırlanıb.

“Azərbaycanlı gimnastika azarkeşlərinə minnətdarlığımı bildirirəm. Onlar möhtəşəmdirlər. Hərarətli dəstəkləri bizi proqramlarımızı gözəl icra etməyə imkan yaradır. Bakıya hər zaman yüksək əhval-ruhiyyədə gəlirəm. Burada çıxış etmək çox gözlədir”, - deyə gimnast əlavə edib.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata sahib olub.

Xəbər 119 dəfə oxundu.