Formula 1 Emiliya-Romanya mərhələsinə kömək üçün 1 milyon avro ayırıb
Təşkilatçılar İtaliyada mayın 19-21-də təşkil olunacaq Emiliya-Romanya Qran-Prisini regionu cənginə alan fəlakətli daşqınlar səbəbindən ləğv etməyə məcbur olublar. Lakin Formula 1 leysanlardan əziyyət çəkən İtaliya regionunu diqqət və dəstəkdən kənarda qoymayıb.

Emiliya-Romanya regionunun ərazi təhlükəsizliyi və mülki müdafiə üzrə agentliyi dünya çempionatından 1 milyon avro həcmində maliyyə yardımı alıb. Vəsait təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yönəldiləcək. Formula 1-də, eyni zamanda, arzuedən hər kəsi xeyriyyə payı ayırmağa çağırıblar.

“Mən öz tarixində ən kədərli anlar yaşayan ecazkar Emiliya-Romanya torpaqlarında doğulub, boya-başa çatmışam. Regionda icmaların qarşılaşdığı vəziyyət acınacaqlıdır. Lakin mən bilirəm ki, bütün İtaliyada olduğu kimi, bu regiondakı insanların da möhkəmliyi onlara bu böhranı adlamaqda kömək edəcək. Biz onları bu çətin vaxtda dəstəkləməkdən ötrü əlimizdən gələni etməliyik. Məhz buna görə biz yardım edirik ki, yerində kömək göstərmək səylərini dəstəkləyək. Formula 1 adından zərərçəkənlərin dərdinə şərikik, qəza-xilasetmə xidmətlərində onların fövqəladə işinə görə təşəkkürümüzü bildirmək istərdik”, - deyə Formula 1-in başçısı Stefano Domenikali bəyan edib.

Xəbər 151 dəfə oxundu.