"Rabitə" dünya çempionatının finalında
Bu gün "Rabitə" klublararası dünya çempionatında yarımfinal matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan çempionu "Fənərbağça" ilə qarşılaşıb. Voleybolçularımız üçün görüş xüsusi əhəmiyyət daşıyırdı. Çünki son mövsümdə Çempionlar Liqasının 1/4 finalında Türkiyə təmsilçisinə uduzan komandamız bu dəfə qisasını almağı bacarıb.

Hər 2 komandanın heyətində kifayət qədər dəyişiklik olduğundan matçın ilk dəqiqələri gərgin mübarizə şəraitində keçib. İlk texniki fasiləyə 1 top öndə yollanan "Rabitə" ikinci texniki fasilədə də eyni üstünlüyü saxlayıb. Setin sonlarına yaxın isə komandamız təşəbbüsü ələ alıb. Nəticədə hissəni voleybolçularımız 7 xal fərqi ilə irəlidə bitirib.

Bundan sonra çətin anlar yaşayan "Fənərbağça" Azərbaycan çempionu qarşısında aciz qalıb. Düzdür, məğlubiyyətlə barışmaq istəməyən türklər bir neçə dəfə oyunu gedişində dəyişiklik etmək arzusuna düşsə də, voleybolçularımız buna imkan verməyiblər. İkinci setdə 25:20 hesablı qələbədən sonra isə təmsilçimiz daha rahat oynayıb.

"Rabitə" bu dəfə Çempionlar Liqasının qalibini 25:16 hesabı ilə məğlub edərək, ardıcıl ikinci dəfə dünya çempionatının final mərhələsinə yüksəlib. Onlar yenidən qızıl medal qazanacaqları halda mundialda yeni tarix yazacaqlar.

Digər yarımfinal oyununda isə Braziliya "Sollis Nestle"si Puerto-Rika “Lançeras de Katano”u ilə üz-üzə gəlib. Oyun gözlənildiyi kimi birincilərin asan qələbəsi ilə başa çatıb. Qeyd edək ki, çempion oktyabrın 19-da müəyyənləşəcək.

Klublararası dünya çempionatı
18 oktyabr. Yarımfinallar

"Fənərbağça" - "Rabitə" - 0:3 (18:25, 20:25, 16:25)
"Sollis Nestle" - “Lançeras de Katano” - 3:0 (25:15, 25:13, 25:15)


Xəbər 978 dəfə oxundu.