Siyana Vasileva: Avropa çempionatının şüarı hər kəsi qələbəyə səsləyir
Ölkəmizdə keçiriləcək Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı çərçivəsində mayın 16-da Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyası Atletlər Komissiyasının üzvü Siyana Vasileva gənc idmançılar üçün dəyirmi masa keçirib.

Sabah Avropa çempionatında mübarizəyə başlayacaq gənc atletlərlə görüş maraqlı təqdimatla yadda qalıb. Tədbirdə Siyana Vasileva öz idman karyerası barədə maraqlı məqamları bölüşüb, uğura aparan yolun çətinliklərindən söz açıb.

“Adətən, Atletlər Komissiyasının üzvü kimi belə görüşlərimiz dünya çempionatı zamanı keçirilirdi. İlk dəfədir ki, Avropa çempionatı çərçivəsində gənc idmançılarla görüşdüm. Gimnastlara yarışlara hazırlıq dövründə stresslə necə mübarizə aparmağım barədə məlumat verdim. Onlar da mənə maraqlı suallar ünvanladılar. İdmançıların təbəssümlərindən hiss olunurdu ki, onlar Avropa çempionatına hazırdırlar. Ümumiyyətlə, yarışın şüarı - “Ulduz kimi parla” hər kəsi qələbəyə səsləyir. Əlbəttə ki, doğma divarlar arasında çıxış etmək daha da məsuliyyətlidir. Ümid edirəm ki, komandamızın üzvləri uğurla çıxış edəcəklər”, - deyə S.Vasileva bildirib.

Xəbər 128 dəfə oxundu.