Ataman Güneyligil: Yaxın günlərdə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunan türk mütəxəssis Ataman Güneyligil mayın 16-da ictimaiyyətə təqdim olunub.

Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, fiziki hazırlıq üzrə məşqçi Gençer Yarkin, İdarə Heyətinin üzvləri, federasiyasının nümayəndələri və jurnalistlər iştirak ediblər.

Federasiya prezidenti Şahin Bağırov çıxış edərək milli komandamızın bu il avqustda baş tutacaq Avropa çempionatına hazırlıq prosesi çərçivəsində nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Voleybolun ölkədə populyarlaşdırılması və kütləviliyinin artırılması istiqamətində görüləcək tədbirlərdən ətraflı danışan AVF rəhbəri Ataman Güneyligilə və voleybolçularımıza Avropa çempionatında uğurlar arzulayıb.

Sonra qadınlardan ibarət yığmamızın yeni baş məşqçisi Ataman Güneyligil çıxış edib. AVF rəhbərliyinə və media nümayəndələrinə təşəkkürünü bildirən 41 yaşlı mütəxəssis millimizin qitə birinciliyinə hazırlıq prosesindən danışıb, yaxın günlərdə əsas heyətin müəyyənləşdiriləcəyini deyib.

AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış edərək Ataman Güneyligilin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib, ona qarşıdakı yarışda uğurlar arzulayıb.

Daha sonra Ataman Güneyligil və Gençer Yarkinə millimizin forması təqdim olunub.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Xəbər 135 dəfə oxundu.