RAGB-nin VI Universiadası başa çatıb
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI Universiadası başa çatıb.

RAGB 2015-ci ildən bəri universiada keçirir. İdman layihəsi çərçivəsində bir neçə həftə ərzində futbol, voleybol, basketbol, stolüstü tennis, stolüstü oyunlar və yüngül atletika qaçışı üzrə yarışlar keçirilib. Universiadada Moskvanın 30-dan çox ali məktəbindən 500-dən artıq tələbə iştirak edib.

RAGB Universiadası çərçivəsində mayın 13-də Moskvanın Sokolniki parkında Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti ilə birgə “Dostluq marafonu” yüngül atletika qaçışı təşkil olunub. Yarışların qalibi N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin tələbəsi Əmrah Əliyev olub. İkinci yeri Moskva Energetika İnstitutunun nümayəndəsi İlya Blinov, üçüncü yeri isə Rusiya Federasiya Hökuməti yanında Maliyyə Universitetinin təmsilçisi Arsen Tasoyev tutub.

RAGB Universiadası – 2023 mayın 14-də minifutbol turniri ilə başa çatıb.

RAGB-nin sədri Ceyhun Hüseynov komandalar qarşısında çıxış edərək, yarışların tarixi və onun əhəmiyyətindən söhbət açıb.

Sonra iştirakçıları Rusiya Təhsil Akademiyasının laboratoriyasının rəhbəri Vaqif Bayramov və Azərbaycan futbolunun veteranı Nazim Süleymanov salamlayıblar.

Daha sonra RAGB layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov çıxış edərək, turnirin reqlamenti barədə ətraflı məlumat verib.

Gərgin mübarizə nəticəsində Rusiya Təhsil Akademiyasının komandası birinci, Dövlət İdarəetmə Universitetinin komandası ikinci, Seçenov Universitetinin komandası isə üçüncü yeri tutublar.

Turnirin sonunda yarışların qaliblərinin və mükafatçıların təntənəli təltifolunma mərasimi keçirilib.

Xəbər 106 dəfə oxundu.