Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvlərinin sayı artırılıb
Mayın 15-də Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransa qurumun prezidenti Mahir Məmmədov rəhbərlik edib.

Federasiya rəhbəri ötən ilin yekunları barədə məruzə ilə çıxış edib, əldə olunan nailiyyətləri xatırladıb. Ardınca ötən ilin yekunlarına həsr olunan qısa film nümayiş etdirilib.

İclasda AŞF-in üzvlüyünə yeni şəxslər qəbul edilib. Üzvlük kriteriyalarına əlavələr edilib. 2022-ci ilin və cari təqvim ilinin büdcəsi barədə konfrans iştirakçılarına məlumat verilib.

Konfransda federasiyanın nizamnaməsinin bəzi bəndlərinə dəyişikliklər, İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması və yeni üzvlərin seçilməsi məsələlərinə baxılıb.

Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev səsvermə ilə İcraiyyə Komitəsinin yeni üzvləri kimi təsdiqləniblər.

Həmçinin AŞF-in İntizam Komissiyası formalaşdırılıb. İlqar Xələfov və Ələmdar Məmmədov komissiyaya üzv, Elçin Məmmədov sədr seçilib.

Federasiyanın Hakimlər, Məşqçilər, Uşaq və gənclər, Bəstəçilik, Qadın və sosial məsələlər, Regional inkişaf komissiyalarının hesabatı dinlənilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər barədə məlumat verilib.

Hesabat konfransından sonra federasiyanın İcraiyyə Komitəsinin iclası keçirilib.

Xəbər 132 dəfə oxundu.