Bakıda taekvondo üzrə ustad dərsi təşkil olunub
Bakıda baş tutacaq taekvondo üzrə dünya çempionatı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında ustad dərsi təşkil olunub.

Ustad dərsi zamanı ikiqat Avropa çempionu, Əməkdar idman ustası İlkin Şahbazov 100-ə yaxın idmançıya taekvondo təlimi keçib. Beş hissədən ibarət tədbirin ilk hissəsində ümumi komanda ilə birgə baza hərəkətləri edilib. İkinci hissədə qızların xəyali döyüş səhnəsi canlandırılıb. Növbəti hissədə uşaq və yeniyetmə taekvondoçuların iştirakı ilə döyüş hərəkətləri ilə bağlı məşqlərə üstünlük verilib. Son iki hissə böyüklərin xəyali səhnəsi olan pumseyə və komandanın döyüşlərinə həsr olunub.

Tədbirdə, həmçinin Vətən müharibəsində iştirak etmiş taekvondoçulara Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Xatırladaq ki, mayın 29-dan iyunun 4-dək Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı keçiriləcək. Beynəlxalq əhəmiyyətli idman tədbiri, Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf edir. Yarışla əlaqədar paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.

Xəbər 103 dəfə oxundu.