Ulu Öndərin 100 illiyinə həsr edilən “Kids Athletics” yarışı təşkil olunub
Azərbaycan Atletika Federasiyası Dünya Atletikasının inkişaf strategiyasına uyğun olaraq Uşaq Atletikası Gününü qeyd edib. Bu münasibətlə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Kids Athletics” yarışı təşkil olunub.

Respublika Olimpiya Mərkəzində keçirilən tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov uşaqların atletika ilə məşğul olaraq aktivliyinin artırılmasına yönəlmiş bu cür layihələrin mühüm əhəmiyyət kəsb etdiyini və gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacib olduğunu bildirib.

Federasiya rəhbəri atletika ailəsi adından qapıların hər kəsin üzünə açıq olduğunu qeyd edərək iştirakçılara uğurlar arzulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva çıxışlarında uşaqların böyük idmanda ilk addımları olan “Kids Athletics” layihəsinin gələcək çempionların yetişməsi yolunda xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Yarışda Milli Olimpiya Komitəsinin “OCEP” (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) proqramına daxil olan 6 məktəbin təmsilçiləri – hər birindən 8 şagird olmaqla ümumilikdə 48 məktəbli iştirak edib.

Komanda şəklində keçirilən və proqramına qaçış, tullanma, atma və estafet növləri daxil olan yarışın qalibi 45 nömrəli məktəbin təmsilçiləri olublar. 238 nömrəli məktəbin komandası ikinci yeri tutub. 60 və 171 nömrəli məktəbin komandaları isə üçüncü pillədə qərarlaşıblar. Sonda bütün iştirakçılara diplom və hədiyyələr təqdim edilib.

Xatırladaq ki, hər il mayın 7-də təşkil olunan bu qlobal tədbir atletikanın gücündən istifadə etməklə uşaqları və yeniyetmələri harada olmalarından asılı olmayaraq, daha fəal olmağa, bacarıq və potensiallarını inkişaf etdirməyə ruhlandırmağı hədəfləyir. Azərbaycan Atletika Federasiyası Dünya Atletikasına üzv federasiyalar arasında Uşaq Atletikası Günündə ən yüksək səviyyədə iştirak etməklə fərqlənir.

Xəbər 181 dəfə oxundu.