Göygöldə cüdo üzrə Avropa kuboku yarışlarının ilk gününün qalibləri bəlli olub
Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışlarının ilk gününün qalibləri müəyyənləşib.

Turnirin birinci günündə qızların mübarizəsində 40, 44, 48, 52, oğlanların yarışında isə 50, 55, 60 və 66 kiloqram çəki dərəcələrində mükafatçılar bəlli olub.

Oğlanların yarışında Nihad Məmişov (50 kq), Mirxaliq İsgəndərov (55 kq), Məhəmməd Musayev (60 kq) və Cəsur İbadlı (66 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksəl pilləsinə qalxıblar. Milli komandamızın üzvlərindən Məhəmməd Məmişov (50 kq), Fərid Qarayev (55 kq), Mehdi Cəfərov (66 kq) gümüş, Ayxan Mirzəzadə, Murad Fətullayev (hər ikisi 55 kq) və Xanəhməd Şərifov (60 kq) bürünc medala sahib olublar.

Qızların mübarizəsində Nigar Məmişova (40 kq), Begumnaz Doğruyol (44 kq, Türkiyə), Vüsalə Hacıyev (48 kq) və Maria Jesionek (52 kq, Polşa) qızıl medal qazanıblar. Cüdoçumuz Aytac Yolçuzadə (44 kq) turniri ikinci pillədə başa vurub. Xədicə Abdullayeva və Gülşən Hüseynova (hər ikisi 40 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, Avropa kuboku yarışları bu gün başa çatacaq.

Xəbər 132 dəfə oxundu.