"Prezident Kuboku-2023" beynəlxalq reqatasında ikinci günün qalibləri müəyyənləşib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasında ikinci günün qalibləri müəyyənləşib.

Yarışın Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən mərhələsində 500, 1500 və 2000 metr məsafəyə mübarizədə qaliblər məlum olub.

Azərbaycan təmsilçiləri ikinci yarış günündə ümumilikdə 4 medal (1 gümüş, 3 bürünc) qazanıblar.

2005-2008-ci il təvəllüdlü qızların mübarizəsində Gülnarə Həmzəyeva 500 metr məsafəyə bir nəfərlik kanoe qayığında üçüncü yeri tutub.

2005-2006-cı il təvəllüdlü oğlanların eyni məsafəyə 1 nəfərlik kayak yarışında Elmir Məmmədov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bu yaş kateqoriyası üzrə 500 metrlik məsafəyə 2 nəfərlik kanoe qayığında Ramil Mustafayev və Rüfət Rəhimov bürünc medal əldə ediblər.

Nəhayət, Nurlan Paşayev 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında akademik avarçəkmə üzrə 2000 metr məsafəyə yürüşdə 3-cü yerlə kifayətlənib.

Xəbər 124 dəfə oxundu.